Azərbaycanın yeni rəqəmsal arxitekturası: Sistem yanaşması və açıq suallar
Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışı, açığı desəm, məndə ikili hisslər yaratdı. Bir tərəfdən sevindiricidir ki, dövlət rəqəmsal transformasiyanı prioritet elan edir və məsələ birbaşa Prezidentin şəxsi nəzarətində həyata keçirilir. Digər tərəfdən isə müəyyən suallar yaranır. Biz bu transformasiyanın belə kəskin dönüşünə hazırıqmı? Onu nə qədər vaxta həyata keçirmək mümkün olacaq?
Çıxışda diqqətimi çəkən əsas tezislər bunlardır:
• Rəqəmsallaşmanın dövlət səviyyəsində prioritet elan edilməsi;
• Data mərkəzlərinin enerji üstünlükləri üzərində qurulması;
• Fiber-optik və beynəlxalq rəqəmsal bağlantıların genişləndirilməsi;
• ABŞ, Aİ və Çin ilə paralel strateji texnoloji əməkdaşlıq;
• Dövlət qurumları arasında vahid koordinasiya və belə demək olarsa, rəqəmsal məsuliyyət institutunun yaradılması;
• "mygov" platforması üzərindən vahid xidmət modelinə keçid və platformaların konsolidasiyası;
• Təhsil sistemində və kadr hazırlığında rəqəmsal bacarıqların gücləndirilməsi və süni intellekt istiqamətinin yaradılması və tətbiqi;
• Süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası;
• Kibertəhlükəsizliyin gücləndirilməsi.
Əgər əvvəlki illər enerji və nəqliyyat infrastrukturunun qurulması mərhələsi idisə, qarşıdakı dövr rəqəmsal infrastrukturun və süni intellekt əsaslı idarəetmənin qurulması mərhələsi olacaq. Bu yanaşma artıq ayrı-ayrı IT layihələri deyil, vahid milli rəqəmsal arxitekturanın qurulması deməkdir.
Lakin hesab edirəm ki, bu prosesi daha geniş kontekstdə - rəqəmsal sənaye ekosisteminin formalaşdırılması kimi dəyərləndirmək lazımdır.
Necə ki, enerji sənayesində son məhsul (neft-qaz ixracı) onlarla aralıq mərhələnin (hasilat, emal, logistika, servis, maliyyə, texniki xidmət və s.) üzərində qurulur, rəqəmsal sahədə də sənayeləşmə modeli bu məntiq üzərində formalaşmalıdır.
Bu yanaşmanı nəzərə alsaq, rəqəmsal sənaye zənciri aşağıdakı səviyyələrdən ibarət ola bilər:
• Enerji və data mərkəzləri - infrastruktur səviyyəsi;
• Fiber-optik və beynəlxalq bağlantılar - tranzit səviyyəsi;
• Bulud və hesablama platformaları - platforma səviyyəsi;
• Vahid dövlət rəqəmsal arxitekturası - tətbiq səviyyəsi;
• Yerli proqram təminatı və AI həlləri - məhsul səviyyəsi;
• Startaplar və texnoloji şirkətlər - innovasiya səviyyəsi.
Bu zəncir formalaşmadan davamlı və ixrac potensialı olan rəqəmsal iqtisadiyyat qurmaq mümkün deyil. Amma bununla belə praktik müstəvidə bir sıra vacib suallar ortaya çıxır:
Azərbaycanın yeni rəqəmsal arxitekturası: Sistem yanaşması və açıq suallar
1. Data mərkəzləri: tranzit, yoxsa real rəqəmsal istehsal?
Hazırkı enerji generasiya gücünün 10 000 MVt olması və bunun 2 000 MVt-lıq ehtiyat hissəsinin data mərkəzləri üçün strateji resurs kimi təqdim olunması mühüm siqnaldır. Enerji üstünlüyü Azərbaycanın regionda enerji əsaslı rəqəmsal hab modelinə keçid imkanı təmin etmək üçün mühüm faktordur. Amma sual budur:
Biz data mərkəzlərini yalnız yerləşdirmə infrastrukturu kimi quracağıq, yoxsa onların üzərində real dəyər yaradan texnoloji sənaye formalaşdıracağıq?
Əgər yalnız server yerləşdirmə xidmətinə fokuslansaq, bu model uzunmüddətli rəqabət üstünlüyü yaratmaya bilər. Əsas məsələ - data üzərində xidmət və məhsul ekosistemi qurmaqdır.
2. "mygov" konsolidasiyası: texniki birləşmə, yoxsa arxitektura transformasiyası?
"mygov" üzərindən mərkəzləşmiş xidmət modelinə tam keçid dövlət idarəçiliyində platforma yanaşmasının tətbiqi deməkdir. Bu isə təkcə texniki deyil, həm də institusional transformasiyadır və vahid mərkəzə keçid doğru istiqamətdir. Belə keçidin nəticəsi ondan ibarət ola bilər ki, dövlətə məxsus olan məlumatlar vahid mühitdə konsolidasiya olunur. Bu, e-xidmətlərin daha çevik və fərdiləşdirilmiş şəkildə təqdim edilməsinə imkan yaradır. Ən əsası isə süni intellektin tətbiqi ilə risk və təhlükələrin yalnız reaktiv deyil, proaktiv şəkildə müəyyən edilməsi və idarə olunması mümkün olur. Amma platformaların və tətbiqlərin ləğvi sadəcə interfeyslərin birləşdirilməsi ilə məhdudlaşarsa, effekt də məhdud olacaq. Digər tərəfdən isə, mobil tətbiqləri başa düşürük, bəs platformaların ləğvi dedikdə söhbət hansı səviyyədə ləğvdən gedir. Məsələn, Dövlət Vergi Xidmətinə (DVX) vətəndaşların təqdim etdiyi bəyannamələr "mygov" üzərindən göndəriləcək? DVX bu sistemi onilliklərdir ki, yaradır, inkişaf etdirir, hazırda da tam yeni arxitekturalı AVİS 2 sisteminə keçid edir. Bunları tamamilə sıfırlayıb yeni sistemə keçid etmək real görünmür. Nəzərə alsaq ki, bu yalnız sistemlərin biridir, miqyası təsəvvür etmək olar. Zənnimcə, burada proses bir qədər fərqli getməlidir. Əsas məsələ mövcud sistemlərin vahid data modeli, API əsaslı açıq arxitektura, sistemlərarası inteqrasiya standartlarının yaradılmasıdır. Bunlar olmadan real platforma iqtisadiyyatı formalaşdırıla bilməz.
3. Süni intellektin tətbiqi: istifadəçi, yoxsa istehsalçı ölkə?
Süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası müsbət addımdır.
Amma burada əsas sual budur: Biz hazır texnologiyaların istifadəçisi olacağıq, yoxsa müəyyən sahələr üzrə öz AI həllərimizi yarada biləcəyik? Əgər ikinci istiqamət prioritet olmazsa, texnoloji asılılıq riski yaranır.
4. Kadr potensialı: miqyas və keyfiyyət problemi
Təhsil sistemində süni intellektin tətbiqi və rəqəmsal bacarıqların gücləndirilməsi vurğulanır. Lakin:
• Neçə il ərzində real nəticə görəcəyik?
• Özəl sektorla təhsil arasında real əməkdaşlıq mexanizmi necə qurulacaq?
• Bunu təmin etmək üçün kifayət qədər kadr potensialı varmı və ya ola bilərmi?
• Yüksəksəviyyəli mühəndis və arxitektorların ölkədə qalması üçün hansı stimullar olacaq?
Sadəcə proqramlaşdırma tədrisi kifayət etmir. Sistem arxitekturası, məhsul idarəçiliyi və dərin texnoloji kompetensiyalar tələb olunur.
5. Koordinasiya institutu: real işlək mexanizm olacaqmı?
Hər qurumda rəqəmsal məsul şəxs təyin etmək düzgün yanaşmadır. Amma əsas məsələ bu institutun qərarvermə səlahiyyəti, büdcəyə təsiri, hesabatlılıq mexanizminin olub-olmamasıdır. Əks halda, struktur formal xarakter daşıya bilər.
Ümumilikdə baxsaq, təqdim olunan vizyon strateji baxımdan doğru istiqamətdədir. Lakin rəqəmsal sənaye ekosistemi yalnız infrastruktur və bəyanatlarla formalaşmır. O, dəyər zəncirinin bütün mərhələlərinin paralel inkişafını tələb edir. Azərbaycan enerji və tranzit üstünlüyünü rəqəmsal üstünlüyə çevirə bilər. Amma bunun üçün əsas məsələ - sürət, dərinlik və institusional ardıcıllıqdır. Rəqəmsal arxitektura layihə deyil, sistem quruculuğudur. Sistem quruculuğu isə hər zaman detallarda müəyyən olunur.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


