Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

Uşaq qidalarının keyfiyyəti ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Son günlər "Nestlé" şirkətinin körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi məhsulları ehtiyat tədbiri olaraq geri çağırması bu mövzunu yenidən aktuallaşdırıb. Belə ki, Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıqda "SMA", "BEBA", "ALFAMINO", "Pre NAN" və digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən çıxarılıb. Geri çağırmaya səbəb istehsal prosesi zamanı məhsulların "Bacillus cereus" bakteriyasının ifraz etdiyi "cereulide" toksini ilə çirklənmə riskdir. Bu hadisə fonunda Azərbaycan bazarında satılan uşaq qidalarının təhlükəsizliyi və nəzarət mexanizmləri ilə bağlı suallar da aktuallaşıb.

Qezet.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"2025-ci ildə iki uyğunsuzluq faktı aşkarlanıb"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, idxal olunan qida məhsulları, o cümlədən uşaq qidaları üzərində risk səviyyəsindən asılı olaraq müəyyən edilmiş dövriliklə fiziki nəzarət həyata keçirilir: "Bu nəzarət zamanı məhsullar laboratoriya tədqiqlərinə cəlb olunur, həmçinin təhlükəsizlik, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər üzrə yoxlanılır". Qurumun məlumatına görə, 2025-ci ildə uşaq qidaları üzrə ümumilikdə iki uyğunsuzluq faktı aşkarlanıb. Bir halda məhsul partiyası geri qaytarılıb, digər halda isə məhv edilib.

"Geri çağırma hər zaman məhsulun zərərli olması demək deyil"

Qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyevin sözlərinə görə, uşaq qidaları ilə bağlı narahatlıqlar hər zaman gündəmdədir: "Uşaqların immunitet sistemi hələ inkişaf mərhələsində olduğu üçün risklərə daha açıqdır. Nəzərə almaq lazımdır ki, geri çağırma hər zaman məhsulun zərərli olması demək deyil, əksər hallarda riskin qarşısını vaxtında almaq üçün atılan addımdır. Geri çağırmalar əsasən bir neçə səbəbdən həyata keçirilir. Laborator analizlər zamanı normadan kənar göstəricilərin aşkarlanması, istehsal xəttində texniki nasazlıq, etiketləmə xətası və ya xammalın təhlükəsizliyi ilə bağlı şübhələr buna nümunədir. Bəzi hallarda hətta potensial risk ehtimalı da geri çağırma üçün kifayət edir. Bu da istehsalçının məsuliyyətli yanaşmasının göstəricisi hesab olunur".

A.Vəliyev bildirib ki, rəsmi idxal olunan məhsullar bazara sənədlər, laborator analizlər və uyğunluq göstəriciləri əsasında buraxılır: "Lakin bu, bütün məhsulların tam risksiz olduğu anlamına gəlmir. Daşınma, saxlanma və satış mərhələlərində də problemlər yarana bilər. Uşaq qidalarında ən çox rast gəlinən risklər mikrobioloji çirklənmə ilə bağlıdır. Bakteriyalar, kif göbələkləri və onların toksinləri körpələr üçün xüsusilə təhlükəlidir. Digər risklərə ağır metalların iz miqdarı, düzgün göstərilməyən allergenlər, şəkər və duzun normadan artıq olması daxildir. Bəzən qablaşdırma materialı da risk mənbəyinə çevrilə bilər".

"Əsas meyar bahalı olması deyil"

Mütəxəssis bildirdi ki, valideynlər uşaq qidası seçərkən ilk növbədə etiket məlumatlarına diqqət etməlidirlər: "Məhsul yaşa uyğun olmalı, tərkibi sadə və aydın göstərilməlidir. Şəkər, süni dadlandırıcı və rəngləndiricilərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur. Son istifadə tarixi və qablaşdırmanın bütövlüyü mütləq yoxlanmalıdır. Məhsul açıldıqdan sonra üzərində göstərilən müddətə əməl edilməlidir. Bəzən məhsulun qiymətinin yüksək olması onun daha keyfiyyətli olduğu fikrini yaradır. Lakin "premium" və bahalı məhsulların avtomatik olaraq daha təhlükəsiz olduğu düşüncəsi düzgün deyil. Qiymət çox vaxt brend, marketinq və qablaşdırma ilə bağlı olur. Əsas meyar məhsulun tərkibi, istehsal nəzarəti və düzgün saxlanma şəraitidir. Bəzən daha sadə və münasib qiymətli məhsullar daha təhlükəsiz ola bilər".

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0