Qarabağ”ın başqanı yeni transferlərin müjdəsini verdi
"Qarabağ"ın prezidenti Tahir Gözel Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə keçiriləcək qarşılaşmadan öncə jurnalistlərə açıqlama verib.
Sportinfo.az xəbər verir ki, klub rəhbəri "Qarabağ"ın hazırda Avropanın ən güclü 24 komandası sırasında olmasını "möcüzə" adlandırıb:
"Bu gün harada olduğumuzu düzgün qiymətləndirməliyik. Avropanın yüksək liqalarında çıxış edən 850 klub var və onların böyük əksəriyyətinin büdcəsi bizimkindən qat-qat yüksəkdir. Hətta II Liqa komandalarına baxsaq belə, bir çoxunun maliyyə imkanları bizdən üstündür. Amma reallıq budur ki, təxminən 2000–2500 klubun içində ilk 24-lükdəyik. Bu, sözün əsl mənasında möcüzədir və hər birimizdə qürur, özünəinam hissi formalaşdırmalıdır.
“Qarabağ” son dövrlərdə həddindən artıq gərgin qrafikdə çıxış edib. İki dəfə Şamaxıda süni örtükdə, Qubada isə ağır meydança şəraitində oyun keçirmişik. Fiziki yorğunluq qaçılmazdır. Amma baş məşqçi Qurban Qurbanovun da vurğuladığı kimi, “Qarabağ”da motivasiya hər zaman ən yüksək səviyyədədir. Sabahkı qarşılaşmanın əhəmiyyətini hamımız anlayırıq və inanıram ki, futbolçularımız özlərində ilahi bir güc tapacaqlar.
“Qarabağ” “Ayntraxt”la oyunda 65-ci dəqiqədən sonra təzyiqi artıraraq qələbə qazanmağı bacarmışdı. Bu, komandanın xarakterini göstərən məqam idi. Ümid edirəm ki, sabah da eyni ruhu görəcəyik.
“Nyukasl” İngiltərənin fiziki cəhətdən ən güclü komandalarından biridir. Təxminən 1 milyard dollarlıq büdcəyə malikdir və maliyyə baxımından bizdən dəfələrlə üstündür. Amma onlar qarşılarında yenə də inamlı, qorxmadan hücum futbolu oynayan bir “Qarabağ” görəcəklər.
Nəticənin necə olacağını zaman göstərəcək. Əsas arzum odur ki, meydanda göstərdiyi oyunla xalqın alqışını qazanan bir “Qarabağ” izləyək. Bu səviyyəyə baş məşqçimiz Qurban Qurbanovun, futbolçularımızın əzmi, Prezident İlham Əliyevin və xalqımızın dəstəyi sayəsində gəlib çatmışıq.
Sabah hamımız “Qarabağ”ın yanında olaq. İnşallah, xalqımızı sevindirmək yenə də bizə qismət olar".
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


